Kişini diz çökdürən şəhid anası ilə bağlı araşdırma aparılır

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.
Videodakı şəxs Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovadır.
Belə ki, qadın oğlunun xatirə lövhəsinə hörmətsizlik etdiyi deyilən kişiyə qarşı alçaldıcı rəftar göstərib. O, həmin kişini diz çökdürərək üzr istətdirib, həmçinin təhqiramiz ifadələrlə ləyaqətini alçaldıb. Qarşı tərəf isə qadına yalvararaq onu bağışlamasını deyib.
Sözügedən şəxsin şəhidin lövhəsinə qarşı daha əvvəl hansı əməli törətdiyi açıqlanmayıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar: “Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.