AK Rumıniyanı həddindən artıq büdcə kəsirinə görə cərimələyə bilər

Rumıniya həddindən artıq büdcə kəsirini azaltmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Avropa Komissiyası (AK) onu cərimələyə bilər.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, AK Rumıniyadakı iqtisadi vəziyyəti diqqətlə izləyir və ölkə hökumətinin növbəti 7 il ərzində kəsiri azaltmaq üçün aydın plan təqdim edəcəyini gözləyir. Qeyd olunur ki, Buxarestin iqtisadi siyasət sahəsində cari öhdəliklərindən hər hansı kənara çıxması Aİ-nin icra orqanı ilə razılaşdırılmalıdır.
Rumıniya hakimiyyəti də öz növbəsində Aİ-nin sanksiyalarından yayınmağa çalışır. Rumıniyanın yeni seçilmiş prezidenti Nikuzor Dan maliyyə siyasətini müzakirə etmək üçün demək olar ki, hər gün Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşür. Maliyyə naziri Marsel Bolos vurğulayıb ki, indiki mərhələdə Rumıniya AK-dən büdcə kəsirinin azaldılması yollarına yenidən baxmağı xahiş etməzdən əvvəl büdcə islahatına dair öhdəliklərini yerinə yetirməlidir.
Rumıniya 2024-cü ildə 9,3%-lə Aİ-də ən yüksək büdcə kəsiri ilə üzləşib. Ölkə bu il kəsiri 7%-ə endirmək üçün fiskal konsolidasiya planı hazırlayıb. Bununla belə, ilin əvvəlindən olan məlumatlar göstərir ki, kəsir yüksək olaraq qalır, iqtisadiyyat isə durğunlaşır. Dan daha əvvəl demişdi ki, büdcə kəsirinin azaldılması ölkə üçün prioritet məsələdir.