Universitetlərə distant təhsil qadağası qalacaqsa...– ekspertdən yeni təklif


Azərbaycanda tələbə sayını, təhsil formasını və tələbəni universitet seçmir. Bu, əslində absurd vəziyyətdir.

AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hər il tələbə qəbulu mövsümü yaxınlaşanda hamı hökumətin verəcəyi plan yerlərini gözləyir:

"Ali məktəblərə qəbul üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi plan yerləri, əslində, ölkənin gələcək əmək bazarının “çertyoju”dur. Əmək bazarının formalaşmasına təsir edən ən ciddi qərarlardan birisi məhz budur. Amma bu “çertyoj”da ciddi uyğunsuzluqlar var. Hökumət təkcə dövlət hesabına oxuyacaq tələbələrin sayını deyil, hətta öz pulu ilə oxuyacaq tələbələrin sayını da müəyyən edir. Hər universitet üçün bəlli bir kvota müəyyən olunur."

Bu necə müəyyən olunur?

Universitetlər ETN-ə tələbatla bağlı təklif verir, ETN bu təklifləri araşdırıb özü qərar verir və NK-ya göndərir, NK bunu bazarın perspektiv tələbləri baxımından araşdırıb qərar verir və DİM-ə göndərir. DİM isə plan yerlərini elan edir və ona uyğun müsabiqə əsasında qəbul aparır.

Yəni imkanı olan, təhsilə investisiya yatıran, akademik vəziyyəti normal olan, əlavə kampuslar tikən universitet özəl formada, müxtəlif təhsil formaları ilə təhsil almaq istəyənləri özü universitetə qəbul edə bilməz. Bəs universitetlərin öz müstəqil akademik qərar vermək hüququ harada qaldı?



O.Gündüz qeyd edib ki, digər ziddiyyət isə təhsilin forması ilə bağlıdır. Ekspertin sözlərinə görə, bunu da hökumət müəyyən edir:

"Yəni hökumət verdiyi plan yerlərində hələlik ali təhsil üçün əyani və qiyabi təhsil formasını məqbul hesab edib. Qanunvericilikdə nəzərdə tutulsa da, imkanı olanlar distant təhsil forması üzrə təhsil xidməti verə bilməz, bunu hökumət qadağan edib. Bizim hökumət ölkədə və xaricdə distant formada oxuyanların diplomunu tanımır. Burada hansı akademik müstəqillikdən, hansı muxtariyyatlıqdan söhbət gedə bilər?!"

Universitetlər var ki, distant infrastruktur formalaşdırmaq üçün, irəli getmək üçün milyonlarla investisiya qoyublar. Bildiyim qədər UNEC, BDU, AzTU, ADA günü sabahdan distant formada təhsilə hazırdırlar. Distant üçün, hətta lazım olandan artığını edən universitet var. Amma bu universitetlərə distanta qadağa var. Onlar bu xidməti verib kadr hazırlaya, maliyyə resursları formalaşdıra bilməzlər.

Absurd vəziyyət həm də onunla bağlıdır ki, hökumət son 3-4 ildə regionlarda keyfiyyətli internet üçün milyonlarla investisiya yatırıb.

İndi ən ucqarda olanların da, baha olsa da, keyfiyyətli və dayanıqlı internetə çıxışı var. Amma bu keyfiyyətli internet üzərindən təhsil xidməti, faydalı xidmətlər almaq əvəzinə məcburdur ki, TikTok üzərində “otursun”.

Regionlarımızda, Rusiyada və qonşu ölkələrdə xeyli sayda gənclər, azərbaycanlı ailələrin övladları var ki onlar ödəniş etməyə hazırdırlar və bizim universitetlərdə distant formada təhsil almağı arzulayırlar. Amma buna qadağa var.

Ekspert qeyd edib ki, əgər bu il də universitetlərə distant üçün plan yerləri ayrılmayacaqsa, universitetlərin özlərinin pilot qaydada xarici tələbələrin distant forma üzrə qəbulunu aparması faydalı və doğru olardı:

"Bəlkə də belə bir təcrübə və münasibətlər formalaşandan sonra hökumətimiz distantla bağlı mühiti qaydaya salar, universitetləri arxadan zorla tutub saxlamaqdan əl çəkər. Əgər biz doğrudan da bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə, ali təhsil sistemində daha çevik, daha şəffaf və bazar yönümlü qərarlar verilməlidir. O cümlədən distant təhsil üçün pilot layihələrə icazə verilməlidir. Əks halda, biz universitetlərimizin rəqabətə davamlılığını təmin edə bilməyəcəyik."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu