Qarabağda bərpa olunan yaşayış məntəqələrinin sayı 15-ə çatdı – Prezident açıqladı

İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb.
AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşdə məlumat verib.
Dövlət başçısı çıxışında bildirib:
“Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub – Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Ümumilikdə isə bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.”
Prezident əlavə edib ki, bu günə qədər azad edilən ərazilərdə 40-43 min nəfər yaşayır, çalışır və ali məktəbdə təhsil alır.