Yunanıstanda 3 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib

Yunanıstanda içməli suda uran təhlükəsi: Serres bölgəsində fövqəladə vəziyyət elan edildi
Yunanıstanın şimalında yerləşən Serres şəhərində içməli suda təhlükəli səviyyədə uran aşkarlanması səbəbilə üç yaşayış məntəqəsində fövqəladə vəziyyət elan olunub.
Yunan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Sivil Müdafiə Baş Katibliyi tərəfindən Serres, Lefkonas və Kristos yaşayış məntəqələrində fövqəladə rejim tətbiq edilib.
Bu qərarın, Serresin bələdiyyə başçısı Varvara Bitlianqanın müraciəti əsasında verildiyi və 26 iyun tarixinə qədər qüvvədə olacağı bildirilib.
Fövqəladə rejim vasitəsilə yerli bələdiyyələr və digər məsul qurumlar fövqəladə hallar üçün nəzərdə tutulan maliyyə vəsaitlərindən istifadə edə, suyun təmizlənməsi və əhalinin su təminatının bərpası istiqamətində daha sürətli tədbirlər görə biləcəklər.
Xatırladaq ki, ötən həftə Serres bölgəsində aparılan analizlər zamanı içməli suda toksik səviyyədə uran aşkarlanmış, nəticədə beş yaşayış məntəqəsində suyun içilməsi və yemək hazırlamaq üçün istifadəsi qadağan edilmişdi.