Sərxoş olub “102”-yə əsassız zənglər etdi, həbs olundu

Masallıda sərxoş kişi “102” xəttini əsassız zənglərlə məşğul etdi – 10 sutka həbs
Masallı rayon sakini sərxoş vəziyyətdə etdiyi hərəkətlərə görə inzibati qaydada həbs edilib.
Rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və xəttin fəaliyyətinə mane olub.
Məlumata görə, sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra “102” xidmətinə ardıcıl zənglər edib və əsassız şikayətlər səsləndirib. Məsələni araşdırmaq üçün kəndə ezam olunan polis əməkdaşlarının suallarına cavab verməkdən yayınıb, nalayiq ifadələr işlədərək onlara tabesizlik göstərib.
Əbdül Süleymanovun hərəkətləri ilə bağlı inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün materiallar məhkəməyə göndərilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə o, xırda xuliqanlıqda təqsirli bilinib və inzibati qaydada 10 sutka həbs cəzası alıb.