NATO raket əleyhinə müdafiəni gücləndirir – yeni planlar

NATO şərq cinahında raket əleyhinə müdafiəni gücləndirməyi planlaşdırır
NATO ölkələri alyansın şərq cinahını potensial hücumlardan qorumaq məqsədilə raket əleyhinə müdafiə sistemlərini gücləndirmək niyyətindədirlər.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentlik yazır ki, üzv dövlətlər mövcud raket əleyhinə müdafiə sistemlərinin "digər inteqrasiya olunmuş vasitələrlə" birləşdirilməsi imkanlarını müzakirə edirlər.
Mənbələrin bildirdiyinə görə, NATO rəsmiləri bu təşəbbüsü rəsmi olaraq İrandan gələn uzaq mənzilli raket təhlükəsinə qarşı müdafiə tədbiri kimi təqdim etsələr də, bu plan əslində Rusiyaya qarşı "saxlayıcı amil" kimi nəzərdən keçirilir.
Agentliyin məlumatına əsasən, bu təşəbbüslə bağlı danışıqlar NATO-nun 24–25 iyun tarixlərində Haaqada keçiriləcək sammitindən əvvəl yekunlaşa bilər. Lakin mənbələr bu müzakirələrin daha uzun çəkə biləcəyini də istisna etmirlər.
O da qeyd edilir ki, bu təşəbbüsün Ukrayna münaqişəsinin həlli üzrə səylərə necə təsir edəcəyi və ABŞ-ın onu dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı hələ də qeyri-müəyyənlik mövcuddur.
Qeyd edək ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqada yerləşən Konqreslər Sarayında keçiriləcək. Tədbirdə 45-dək dövlət və hökumət başçısı, xarici işlər və müdafiə nazirləri, ümumilikdə isə təxminən 6 min nümayəndə iştirak edəcək. ABŞ hökuməti prezident Donald Trampın sammitdə iştirak edəcəyini təsdiqləyib.