Böyük Britaniya: İsrailin İrana zərbələrində iştirak etmirik

Reyçel Rivs: heç bir tərəfə dəstək vermirik
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs bildirib ki, ölkəsi İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə iştirak etmir və yəhudi dövlətinə cavab hücumlarına da dəstək vermir.
“Biz bu hücumlardan və münaqişədən kənardayıq,” – Rivs Sky News telekanalına müsahibəsində deyib. O, əlavə edib ki, gələcəkdə nə olacağı barədə şərh vermək istəmir, ancaq hazırda Britaniya bu prosesdə iştirak etmir.
Nazir Böyük Britaniya Baş Naziri Keyr Starmerin Yaxın Şərqdəki bazalara əlavə qırıcı təyyarələr göndərmək qərarını “ehtiyat tədbiri” adlandırıb:
“Bu, o demək deyil ki, biz müharibə vəziyyətindəyik. Ancaq bölgədə qüvvələrimiz var və onları qorumaq üçün qırıcı təyyarələrin göndərilməsi düzgün addımdır. Bu, ehtiyat tədbiridir. Eyni zamanda biz eskalasiya riskinin azaldılması çağırışı edirik.”
Rivs bildirib ki, lazım gəlsə, Londonda müttəfiqləri dəstəkləməyə hazırdırlar.
O, həmçinin vurğulayıb ki, İsrail-İran münaqişəsi qlobal neft qiymətlərinin artması səbəbindən Britaniya iqtisadiyyatına mənfi təsir göstərir. Rivs bəyan edib ki, hökumət İran rəsmilərinin Ormuz boğazının blokadası ilə bağlı bəyanatlarını diqqətlə izləyir: “Bu, ticarət yollarında ciddi pozuntulara səbəb ola bilər”.