Zelenski G7 sammitini dəstəksiz tərk etdi - KİV

Vladimir Zelenski Kanadada keçirilən “Böyük Yeddilik” (G7) sammitini gözlədiyi dəstəyi ala bilmədən tərk edib.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edir ki, bəzi Qərb rəsmiləri ABŞ-ın Rusiya ilə münasibətləri möhkəmləndirməyə çalışmasından və Ukraynaya yardım həcmini azaltmasından narahatdırlar.
ABŞ Prezidenti Donald Trampın sammitdən vaxtından əvvəl ayrılması Zelenskinin sammitdəki iştirakını kölgədə qoyub. “Tramp Kanada sammitini Zelenskinin Kanadaya gəlməsindən əvvəl tərk edib” - deyə məqalədə vurğulanıb.
Nəşr həmçinin G7-nin əvvəlki sammitlərində qəbul olunan birgə bəyanatlarla bu dəfə Kanada baş naziri Mark Karni tərəfindən yayımlanan bəyanat arasındakı fərqə diqqət çəkib. Belə ki, bu dəfə G7 ölkələri Ukrayna ilə bağlı ortaq mövqeyə gələ bilməyib və Karni ayrıca bəyanatla çıxış edib.
Bəyanatda G7 liderlərinin Trampın Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini alqışladıqları və Rusiyaya qarşı sanksiyaların artırılmasını istədikləri qeyd olunub.