“Türkmed” klinikasında tibb qardaşı travmatoloq kimi çalışırmış - VİDEO

“Türkmed” klinikasında travmatoloq kimi fəaliyyət göstərən şəxsin ixtisası şübhə altına alınıb.
AFN.az xəbər verir ki, Baku TV-yə müraciət edən vətəndaşın iddiasına görə, Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı şəxs bu sahə üzrə heç bir təhsilə malik deyil.
İddialara cavab verən Əhməd Əhmədzadə bildirib ki, tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində travmatologiya üzrə alıb, rezidentura təhsilini isə xaricdəki universitetlərdən birində onlayn formada tamamlayıb. Onun sözlərinə görə, bu onlayn təhsilə dair diplom “MedEra Hospital”da saxlanılır.
Lakin “MedEra Hospital”ın baş direktoru İbrahim Əliyev açıqlamasında Əhmədzadənin klinikada həkim kimi fəaliyyət göstərmədiyini deyib:
“O, bu klinikada əməliyyat zamanı yalnız travmatoloqa köməkçi kimi iştirak edir. Türkiyədə tibb qardaşı ixtisası üzrə təhsil alıb və bu sahədə çalışır.”
Araşdırmalar zamanı məlum olub ki, Əhməd Əhmədzadənin “Muğan” klinikasında ortoped-travmatoloq kimi fəaliyyət göstərdiyi haqda məlumat xəstəxananın rəsmi saytında yer alsa da, klinika nümayəndələri onun heç vaxt orada işləmədiyini bildiriblər.
Əldə edilən məlumata əsasən, Ə. Əhmədzadə yalnız Türkiyənin Artvin Çoruh Universitetində tibb qardaşlığı üzrə təhsil alıb və travmatologiya üzrə ixtisaslaşması yoxdur.
Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirilib. Qurumdan verilən məlumata görə, praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur:
“Göstərilən faktla bağlı Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri ictimaiyyətə açıqlanacaq.”