Ərdoğan: Türkiyə Ukrayna sammitinə ev sahibliyi etməyə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı keçiriləcək sammitə ev sahibliyi etməyə hazır olduqlarını bildirib.
AFN.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında səsləndirib. O, Rusiya–Ukrayna arasında aparılan birbaşa danışıqlarda əldə olunan irəliləyişləri vurğulayaraq, görüşlərin hər üç mərhələsinin İstanbulda keçirildiyini xatırladıb.
Dövlət başçısı əlavə edib ki, Türkiyə liderlərin zirvə görüşünə ev sahibliyi edə bilər və hərbi, humanitar, həmçinin siyasi sahələr üzrə işçi qruplarının yaradılması belə bir sammit üçün zəmin yaradacaq.
Ərdoğan həmçinin, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəyini vurğulayıb.