Yermak Rusiya ilə sammit üçün Ukraynanın üstünlük verdiyi yerlərin adlarını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbəri Andriy Yermak Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Zelenski ilə görüşü üçün mümkün yerlər kimi Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanını göstərib.
Yermak bildirib ki, son günlər müzakirə olunan Budapeşt favorit deyil. “Əvvəlcə Putin və Zelenski arasında danışıqlar, sonra isə dərhal Trampla üçtərəfli sammit planlaşdırılır. Hələ harada olacağını bilmirik. Siyahıda müxtəlif yerlər var: Cenevrə, İstanbul, Vatikan, Səudiyyə Ərəbistanı. Budapeşt favorit deyil”, - deyə o qeyd edib. Moskva görüş yeri kimi müzakirə olunmayıb.
Yermak həmçinin Çinin nizamlanmaya cəlb oluna biləcəyinə ümid etdiyini dilə gətirib. “Hazırda Pekin danışıqların hazırlanmasında iştirak etmir, lakin ümid edirəm ki, bu, tezliklə baş verəcək”, - deyə o bildirib.
Yermakın sözlərinə görə, ərazilər məsələsini yalnız liderlər müzakirə edəcək və Ukrayna qoşunları itirilmiş rayonları geri qaytarmaq iqtidarında deyil. “Biz hazırkı təmas xəttinə əsaslanaraq danışıqlar aparmalıyıq və mövcud reallıqları nəzərə alırıq”. O həmçinin Ukraynanın öz ərazilərindən imtina etmək niyyətində olmadığını təkrarlayıb.
Yermak etiraf edib ki, Avropanın hərbi yardımı vacib olsa da, ABŞ-ın hərbi dəstəyi həyati əhəmiyyətə malik olaraq qalır.