İspaniya tarixinin ən isti günləri avqustda yaşandı
İspaniya üzrə rəsmi meteoroloji statistikaların aparılmağa başlandığı 1961-ci ildən bəri ən isti günlər bu ilin avqust ayında qeydə alınıb.
Meteorologiya İnstitutu (AEMET) İspaniyada 3–18 avqust tarixlərində yaşanan istilik dalğasının indiyədək qeydə alınmış ən şiddətli isti olduğunu açıqlayıb.
Bu ilin ikinci istilik dalğasını avqustda yaşayan İspaniyada termometrlərin rekord göstəricilərə qalxdığını bildirən AEMET vurğulayıb ki, indiyədək ən yüksək göstərici 2022-ci ilin iyulunda müşahidə olunmuşdu və temperatur normal göstəricidən 4,5 dərəcə yüksək idi. Lakin 3–18 avqust tarixlərində temperatur normaldan 4,6 dərəcə yuxarı qeydə alınıb.
AEMET-in məlumatına görə, bu il və 2022-dən əvvəl İspaniyada normaldan 4 dərəcədən artıq yüksək olan istilik dalğaları 2023 və 1987-ci illərin avqustunda, həmçinin 2019-cu ilin iyununda hiss olunub.
Meteorologiya İnstitutu bildirib ki, 2025-ci ilin avqustundakı istilik dalğası on altı gün davam edib. Lakin avqustun ilk iyirmi günündəki istilik dalğası ilə müqayisədə daha yüksək səviyyəyə çatıb. Ən azı 1961-ci ildən bəri İspaniya üzrə rəsmi statistikaların aparıldığı dövrdə ən yüksək göstərici bu olub.
İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri olan İspaniyada AEMET-in statistikalarına əsasən, 1975–1999-cu illər arasında ümumilikdə 212 gün davam edən 44 istilik dalğası qeydə alınmışdı. Lakin 2000–2024-cü illərdə bu göstərici iki dəfədən çox artaraq 417 gün davam edən 90 istilik dalğasına çatıb.
Əvvəlki illərlə müqayisədə son illərdə istilik dalğasından təsirlənən vilayətlərin sayı da 36-dan 44-ə yüksəlib.
Bu avqust ayında İspaniyanın cənubundakı Badaxos, Kordova kimi bəzi şəhərlərdə termometrlər 44 dərəcənin üstünü göstərib.
Digər tərəfdən, İspaniyada böyük əksəriyyəti avqust ayında olmaqla bu ilin indiyədək 407 min hektardan artıq meşə və kənd təsərrüfatı ərazisi yanıb.
Ölkənin şimalındakı Qalisya və Kastilya-Leon bölgələrində hələ də 17 nöqtədə yanğınlar davam edir. Leon vilayətində isə bu gün baş verən iki yeni yanğın səbəbindən iki kənddə 300-dən çox insan evlərindən təxliyə olunub.



