Venesuela: ABŞ Karib dənizində misli görünməmiş hərbi fəaliyyət göstərir


Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizində indiyədək görünməmiş hərbi fəaliyyət göstərdiyini açıqlayıb.

Rusiyanın RT kanalına danışan Maduro bildirib ki, ABŞ Karib dənizində, Venesuelaya yaxın sularda 8 hərbi gəmi yerləşdirib və bu, misli görünməmiş hərbi hərəkətdir.

Maduro deyib: “Karib dənizində misli görünməmiş hərbi fəaliyyət var. Nüvə sualtı qayıqları yerləşdirilib və bizi hədəf alan 1200 raket mövcuddur. Pentaqon rəhbəri Puerto Rikoya gəldi. Puerto Rikonun qubernatoru bölgədə Venesuelaya qarşı hərəkət üçün bir hərbi bazanın olduğunu söylədi. Puerto Riko bu plana daxil edilib”.

ABŞ-ın dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu zorla qəbul etdirmək üçün müharibə planı olduğunu iddia edən Maduro əlavə edib: “Bunu etməsi mümkün deyil. Onsuz da çoxqütblü dünya reallığı artıq formalaşıb”.

Maduro həmçinin Vaşinqtonun xalqını Cənubi Amerikada bir müharibəyə sürükləmək istədiyini və ABŞ administrasiyasının gözünü Venesuela nefti və qızılına dikdiyini vurğulayıb.

Prezident Papa Fransisklə aralarında baş tutan bir söhbəti xatırladaraq deyib: “Papa bunu iki ildən çox əvvəl söyləmişdi: ‘Üçüncü dünya müharibəsinə gedirik demirəm, üçüncü dünya müharibəsi artıq başlayıb’. Mən də bunun belə olduğunu düşünürəm”.

Maduro həmçinin bütün Cənubi Amerika və dünya üzrə narkotik ticarətinin ABŞ tərəfindən idarə edildiyini, əsl mafiyaların və kartellərin isə ABŞ-da yerləşdiyini iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu