İlk özəl kosmik stansiya 2026-cı ildə işə salınacaq
Bəşəriyyətin 25 ildir istifadə etdiyi Beynəlxalq Kosmik Stansiya (BKS) ömrünün sonuna yaxınlaşdığından özəl şirkətlər gələcək nəsil kommersiya stansiyalarını inkişaf etdirmək üçün yarışa giriblər. ABŞ-da yerləşən Vast Space şirkəti 2026-cı ilin mayında SpaceX Falcon 9 raketi ilə Haven-1 adlı ilk kommersiya kosmik stansiyasını buraxmağı planlaşdırır.
Tək modullu Haven-1 təxminən 45 kubmetr yaşayış sahəsi olan, şəhər avtobusunun ölçüsündə olacaq.
Stansiyada dörd astronavt iki həftəlik dörd missiya üçün yerləşdiriləcək. İnteryerdə hər bir ekipaj üzvü üçün xüsusi yataq otağı, açılan masa, 1,2 metrlik günbəz pəncərə və Starlink vasitəsilə yüksək sürətli internet təmin olunacaq.
"Bu, lüks otel deyil, astronavtların rahat və məhsuldar işləyə biləcəyi bir mühitdir", – deyə Vast Space-in baş direktoru Maks Haot bildirib.
Haven-1 mikroqravitasiya tədqiqatlarına, əczaçılıq və yarımkeçiricilər kimi qabaqcıl texnologiya istehsalına ev sahibliyi edəcək. Floridada yerləşən Redwire Space stansiyada dərmanların hazırlanması və hüceyrə araşdırması planlaşdıran şirkətlərdən biridir.
NASA 2030-cu ildə ISS-ni istismardan çıxarmağı planlaşdırır və onun əvəzini hazırlamaq üçün özəl şirkətlərlə əməkdaşlıq edir. Vast Space ilə yanaşı Airbus-Northrop Grumman tərəfdaşlığı Starlab, Jeff Bezosun Blue Origin və Texas mərkəzli Axiom Space də rəqabət aparır.
Kosmik stansiyanın istismarı baha başa gəlir. MİT-in professoru Olivyer de Veck ISS-nin gündəlik əməliyyat xərclərinin 12 milyon dollar olduğunu qeyd edərək, kommersiya stansiyalarının gündə 2,7 milyon dollardan 5,5 milyon dollara qədər xərclə işləməli olduğunu vurğulayıb. Məlumata görə, Vast Space Haven-1-ə təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Vast Haven-1-i üç il idarə etməyi, ardınca daha böyük, çox modullu Haven-2 stansiyasının inkişafını hədəfləyir. Şirkətin tezliklə stansiya üçün ilk ekipaj və missiya təfərrüatlarını açıqlaması gözlənilir.
Hər şey plana uyğun getsə, Haven-1 ilk özəl sektor orbital stansiyası kimi kosmosun tədqiqində yeni dövrün başlanğcını qeyd edəcək.




