Ərdoğan və Tramp arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi açıqlama yayıb. Bildirilib ki, telefon danışığı Trampın xahişi ilə baş tutub və söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və Qəzzadakı vəziyyət müzakirə edilib.
Prezident Ərdoğan sentyabrın 25-də Vaşinqtona səfərinin Türkiyə-ABŞ əlaqələrini gücləndirdiyini vurğulayıb. O, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə bölgədə sülh və əmin-amanlıq üçün intensiv səylər göstərir. O, diplomatik təşəbbüslərin sürətləndirildiyini və qlobal sülh prosesinə töhfə verilməyə davam ediləcəyini vurğulayıb.
Prezident əlavə edib ki, İsrailin hücumlarının dayandırılması, bölgədə sülh təşəbbüslərinin uğuru üçün əsas şərtdir.




