ATU-da nə baş verir? - 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb...
Azərbaycan Tibb Universitetində son imtahan sessiyasında 956 tələbənin kəsilməsi təkcə statistik göstərici deyil, ali təhsil sistemində bir neçə dərin struktur probleminin əlamətidir.
AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayının 6 dəfə azalması səbəblərindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, bu hal həm qəbul mexanizmi, həm tədris prosesinin metodikası, həm də tələbə motivasiyası və nəzarət sisteminin keyfiyyəti ilə birbaşa əlaqədardır: “Əgər 146 Prezident təqaüdçüsündən yalnız 22 nəfərin bu günədək təhsilini yüksək göstəricilərlə davam etdirə bilməsi faktı doğrudursa, deməli, problem tələbə seçimi ilə deyil, sistemin özündədir. Əvvəla, Tibb Universiteti ölkənin ən ağır və intellektual cəhətdən tələbkar ixtisaslarının toplandığı ali təhsil müəssisəsidir. Burada tədrisin intensivliyi, fənlərin çətinliyi və qiymətləndirmə meyarlarının sərtliyi təbii şəkildə yüksəkdir. Lakin kütləvi şəkildə kəsilmələrin baş verməsi təkcə tələbələrin hazırlıq səviyyəsi ilə izah oluna bilməz. Bu həm də tədrisin metodoloji və psixopedoqoji yanaşmalarında müasir standartların tam tətbiq olunmaması ilə bağlıdır.”
Kamran Əsədov qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.7-ci maddəsinə əsasən, ali təhsil müəssisələri daxili qiymətləndirmə sisteminə malik olmalı və bu sistem şəffaf, obyektiv və inkişaf yönümlü olmalıdır. Lakin bəzi universitetlərdə, o cümlədən Tibb Universitetində qiymətləndirmə çox vaxt “sınaqdan çıxarma” prinsipi ilə aparılır, inkişafyönümlü rəyvermə və fərdi dəstək mexanizmləri isə zəifdir.
Ekspert əlavə edib ki, tələbələr universitetə yüksək balla daxil olsalar da, biliklərini real klinik mühitdə tətbiq etməkdə çətinlik çəkirlər: “DİM-in məlumatına görə, 2024-cü ildə tibb ixtisaslarına qəbul olanların orta balı 650-dən yuxarı olub. Lakin sistem onların potensialını inkişaf etdirmək əvəzinə çox vaxt ‘elmi yüklənmə’ və ‘çətin keçidlər’ altında əzir. Bu, tədris metodikasının hələ də klassik modeldə qalmasının nəticəsidir.”
Ekspertin fikrincə, Finlandiya və Almaniya kimi ölkələrdə tətbiq edilən “formativ qiymətləndirmə” sistemi tələbələrin zəif tərəflərini erkən müəyyənləşdirir və onlara mentorluq və akademik dəstək təmin edir. ABŞ universitetlərində isə “academic advising” sistemi vasitəsilə hər tələbəyə fərdi akademik müşavir təyin olunur. Bu modellərdə məqsəd tələbəni cəzalandırmaq deyil, öyrənməyə dəstək olmaqdır.
Kamran Əsədov hesab edir ki, Tibb Universitetində kəsilmələrin çoxluğu həm də psixoloji mühitlə bağlıdır: “Tələbələr bildirirlər ki, dərslərdə motivasiya mexanizmləri zəifdir, müəllim-tələbə münasibətləri isə bəzən köhnə nizam-intizam modelinə əsaslanır. Halbuki ‘Ali təhsil haqqında’ Qanuna görə, akademik mühit azadlıq, qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır.”
Ekspertin sözlərinə görə, problemin kökü nə təkcə tələbədə, nə də müəllimdə deyil, sistemin özündədir: “Azərbaycan Tibb Universiteti kimi strateji əhəmiyyətli ali məktəblərdə tədrisin metodologiyası yenilənməli, beynəlxalq tibbi təhsil modelləri ilə uyğunlaşdırılmalıdır.”
O əlavə edib ki, Böyük Britaniyada tətbiq edilən “Problem-Based Learning” (PBL) metodu tələbəni mərkəzə çəkir və aktiv öyrənməyə təşviq edir. Bu yanaşma həm kəsilmə faizini azaldar, həm də tədrisin keyfiyyətini yüksəldər.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayı 6 dəfə azalıb, ötən imtahan sessiyasında 956 nəfər isə kəsilib. Ən çox kəsr I kurs tələbələrində müşahidə olunub.



