Meksikada güclü yağışlarda ölənlərin sayı 64-ə yüksəlib
Meksikada son günlərdə tropik fırtınalar “Priscilla” və “Raymond”un səbəb olduğu güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölənlərin sayı 64-ə, itkin düşənlərin sayı isə 65-ə çatıb.
Məlumatı Milli Mülki Müdafiə Koordinatorluğu (CNPC) yayıb. Qurumun açıqlamasına görə, Veracruz, Puebla, Hidalgo, Queretaro və San-Luis-Potosi ştatlarında fəlakət ən ağır nəticələrə səbəb olub.
Meksika prezidenti Klaudia Şeinbaum Milli Saraydakı mətbuat konfransında bildirib ki, sel fəlakətindən zərər çəkən bölgələrdə xilasetmə və yardım qrupları səfərbər olunub.
Prezidentin sözlərinə görə, geyim, gigiyena vasitələri, içməli su və ərzaq yardımlarının daha operativ çatdırılması üçün bölgələrə əlavə komandalar göndərilib.
Meksika mediasının məlumatına görə, son illərin ən böyük daşqın fəlakətində təxminən 250 min nəfər təsirlənib, 50 mindən çox evə ziyan dəyib.


