"Qarabağ"ın məşqçisi "Qalatasaray"ın düşərgəsində



"Qarabağ" klubunun məşqçisi Hüseyn Seyidov Türkiyənin "Qalatasaray" klubunda təcrübə proqramı keçib.

AFN.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu vurğulayıb və klub rəhbərliyinə təşəkkür edib. O bildirib ki, "Qalatasaray"da keçirdiyi günlər ərzində müasir futbolun trendlərini yaxından öyrənmək imkanı qazanıb və bu təcrübə onun üçün son dərəcə dəyərli olub.

"Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir və onunla apardığımız uzun müzakirələr çox faydalı oldu. O, Taffarel və Muslera kimi tanınmış qapıçılarla işləyib. Mənim sırf öyrənmək məqsədilə gəldiyimi anlayaraq, bu addımımı yüksək qiymətləndirdi. Bu, mənə əlavə motivasiya verdi və mən böyük özgüvənlə geri döndüm", - deyə Seyidov qeyd edib.

Məşqçi həmçinin "Qalatasaray" və "Qarabağ" klubları arasındakı fərqlərdən danışıb. Onun sözlərinə görə, türkiyəli klub Avropadakı yenilikləri daha tez mənimsəyir və öz sisteminə tətbiq edir, lakin artıq "Qarabağ" da həmin istiqamətdə addımlar atmağa başlayıb. O, qapıçı məşqçiləri üçün yaradılan şəraitin fərqli olduğunu və bunun işin keyfiyyətinə birbaşa təsir etdiyini vurğulayıb.

Sonda Hüseyn Seyidov rəhbərliyə yeni təkliflərini çatdırdığını və onların da bu ideyalara müsbət yanaşdığını bildirib. "Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilikləri artıq komandamızda tətbiq etməyə başlamışam", - deyə o əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu