Aİ "Gucci", "Chloe" və "Loewe" kimi lüks brendləri cərimələdi
Avropa İttifaqı (Aİ) Gucci, Chloe və Loewe kimi tanınmış moda brendlərinə pərakəndə satış qiymətlərini razılaşdıraraq rəqabət qaydalarını pozduqları üçün ümumilikdə 157 milyon avrodan çox cərimə tətbiq edib.
Aİ Komissiyasının açıqlamasına görə, İtaliya mənşəli Gucci, Fransa mənşəli Chloe və İspaniya mənşəli Loewe brendlərinin Birliyin rəqabət qanunvericiliyini pozduqları müəyyən edilib.
Bəyanatda bildirilib ki, Aİ Komissiyası Gucci, Chloe və Loewe moda brendlərinə rəqabəti məhdudlaşdıran qiymət siyasətləri səbəbilə 157 milyon avrodan çox cərimə edib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu markalar müstəqil pərakəndə tərəfdaşların həm onlayn, həm də oflayn satış qiymətlərini sərbəst müəyyən etmək imkanlarını məhdudlaşdırıblar və məhsulları üçün minimum satış qiymətləri müəyyən ediblər.
Komissiya vurğulayıb ki, rəqib şirkətlərin qarşılıqlı razılaşma ilə qiymətləri tənzimləməsi qiymət artımına və istehlakçılar üçün seçim imkanlarının azalmasına gətirib çıxarır ki, bu da rəqabəti pozan davranış hesab olunur.
Açıqlamada qeyd olunub ki, üç moda evi “yenidən satış qiymətinin qorunması” adlanan təcrübəyə əl ataraq pərakəndəçilərin kommersiya strategiyalarına müdaxilə edən müxtəlif məhdudiyyətlər tətbiq edib.
Cərimələrin məbləği aşağıdakı kimidir:
Gucci – 119 milyon 674 min avro
Chloe – 19 milyon 690 min avro
Loewe – 18 milyon 9 min avro
Aİ Komissiyası üzv ölkələrdə fəaliyyət göstərən şirkətlərin öz sektorlarında rəqabətə zidd hərəkətlərə yol verib-vermədiyini nəzarətdə saxlayır. Əgər araşdırma zamanı antirəqabət və ya inhisarçılıq halları aşkarlanarsa, Komissiya bu fəaliyyətlərə son qoyur və şirkətlərə yüksək məbləğli cərimələr tətbiq edir.





