NATO-nun müdafiə nazirləri PUA əleyhinə yeni layihələri həyata keçirməyə qərar verdilər
NATO-nun müdafiə nazirləri yeni pilotsuz təyyarələrə qarşı müdafiə layihələrinin icrasına başlamaq qərarına gəliblər.
AFN.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib. “Keçən ay Danimarkanın başçılıq etdiyi 11 NATO ölkəsi Ukrayna ilə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin hazırlanması üzrə birgə layihəyə start verib. Nazirlər bu təşəbbüsü növbəti səviyyəyə çıxarmaq qərarına gəliblər”, - deyə Rutte qeyd edib.
NATO-nun baş katibi həmçinin jurnalistləri əmin edib ki, NATO layihələri Aİ-nin “dron divarı” layihəsini təkrarlamayacaq.
O vurğulayıb ki, NATO öz hərbi tədarük mexanizmlərindən istifadə edərək üzv ölkələrə pilotsuz təyyarələrə qarşı innovativ müdafiə sistemlərinin hazırlanmasında və tətbiqində kömək göstərəcək. Rutte əlavə edib ki, bu sistemlər həm də Ukraynaya yardım üçün göndəriləcək.
Baş katib sonda bildirib ki, yaxın zamanda Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasında bir neçə əlavə NATO ölkəsi ABŞ-ın Ukrayna üçün silah alması proqramına qoşulduqlarını elan edəcək.
