Tramp Cənubi Koreyada Si Cinpinlə görüşmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp son bəyanatlarına baxmayaraq, qarşıdan gələn APEC sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə ikitərəfli görüşdə iştirak etmək öhdəliyinə sadiq qalır.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlama verib.
O, oktyabrın sonu və ya noyabrın əvvəlində Cənubi Koreyada keçiriləcək APEC toplantısında Çin və ABŞ liderlərinin görüşünün planlaşdırıldığına dair sualı cavablandırarkən deyib: “Mənim bildiyimə görə, Prezident Tramp hələ də iştirak etmək niyyətindədir. Düşünürəm ki, onların əla münasibətləri var. Ticarət müharibəsi iki lider arasında yüksək etimad səviyyəsinə görə baş vermədi”.
Bessent həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə Vaşinqtonda keçirilən payız toplantısı zamanı Çin nümayəndə heyəti ilə əlaqə saxlayacağını təsdiqləməyib. “Biz işçi səviyyəli görüşlərdən danışırıq”, - deyə o əlavə edib.

