Meksikada seldə ölənlərin sayı 66-ya çatdı
Meksikada güclü yağışların səbəb olduğu sel nəticəsində həyatını itirənlərin sayı 66-ya, itkin düşənlərin sayı isə 75-ə yüksəlib.
Meksika prezidenti Klaudiya Şeinbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bildirib ki, ötən həftədən bəri “Priscilla” və “Raymond” tropik fırtınalarının yaratdığı güclü yağışlar ölkənin bir çox bölgəsində dağıdıcı sellərə yol açıb.
Dövlət başçısı qeyd edib ki, ölən və itkin düşənlərin siyahısının mütəmadi yenilənəcəyi ictimai internet portalı istifadəyə veriləcək.
Şeinbaum bəzi yaşayış məntəqələrində hələ də elektrik təchizatının bərpa olunmadığını, 100-dən çox yolun bağlandığını və Silahlı Qüvvələrin əsas zərərçəkən bölgələrdə yardım əməliyyatlarını davam etdirdiyini bildirib.
Prezident San-Luis-Potosi əyalətinin Tamazunçale şəhərində vəziyyəti yerindəcə araşdırdığını deyib: “Hazırda prioritet yolların açılmasıdır. Bundan sonra bərpa işlərinə başlanacaq. Ailələrlə əlaqə saxlayır, itkinlərin yeri barədə daha çox məlumat toplamağa çalışırıq.”
Onun sözlərinə görə, sivil müdafiə qüvvələri və yerli bələdiyyələr zərərçəkənlərə qida, su və dərman çatdırmaq üçün fasiləsiz fəaliyyət göstərir.
Yerli mətbuatın məlumatına görə, son illərin ən böyük təbii fəlakətlərindən biri sayılan bu seldə ümumilikdə 250 mindən çox insan zərər çəkib, 50 mindən artıq ev isə ciddi ziyan görüb.



