Hindistanda hava çirkliliyinə qarşı süni yağış sınaqları keçirilir
Hindistan hökuməti paytaxt Yeni Dehlidəki hava çirkliliyini azaltmaq məqsədilə şəhərin müəyyən bölgələrində kimyəvi maddələr buraxaraq süni yağış yağdırmağa çalışır.
NDTV kanalının xəbərinə görə, Yeni Dehlidə ilboyu davam edən ciddi hava çirkliliyi problemi qış ayları yaxınlaşdıqca daha da ağırlaşır.
Bu səbəbdən hökumət çirklənməni azaltmaq məqsədilə atmosferə xüsusi kimyəvi birləşmələr buraxaraq yağışın yaranmasını təşviq edən “bulud toxumlama” (cloud seeding) metodundan istifadə etməyə başlayıb.
Zəruri kimyəvi maddələr günorta saatlarında təyyarələr vasitəsilə şəhərin müəyyən bölgələrində iki mərhələdə havaya buraxılıb.
Bununla belə, hava proqnozları yaxın günlərdə Yeni Dehlidə yağış ehtimalının az olduğunu göstərir.
Məlumata görə, hökumət noyabrın sonuna qədər daha çox “bulud toxumlama” sınaqlarını həyata keçirməyi planlaşdırır.


