Maldiv 2007-ci ildən sonra doğulanlara siqaret qadağası tətbiq etdi


Maldiv Respublikası 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəs üçün siqaret çəkməyi, almağı və satmağı qadağan edərək dünyada “nəsillərarası siqaret qadağası”nı tətbiq edən ilk ölkə oldu. Hökumət tütünsüz cəmiyyət hədəfi ilə yeni siqareti tərgitmə klinikaları və mükafat proqramları başladacaq.

Yeni qanuna əsasən, 1 yanvar 2007-ci ildən sonra doğulan şəxslərin siqaret çəkməsi, tütün məhsulu alması və ya satması qadağan edilir. Bu qərarla Maldiv Respublikası “nəsillərarası siqaret qadağası” tətbiq edən ilk dövlət kimi tarixə düşüb. Səhiyyə Nazirliyi açıqlayıb ki, bu qanunla birlikdə ictimai sağlamlığın qorunması və tütünsüz nəsil formalaşdırılması istiqamətində tarixi dönüş nöqtəsinə çatılıb.

Qlobal mübarizədə nümunəvi addım

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün istifadəsi hər il yeddi milyondan çox insanın ölümünə səbəb olur. Maldiv Respublikasında isə yetkin əhalinin təxminən dörddə biri siqaret çəkir. 13–15 yaş arası gənclər arasında bu göstərici iki dəfə çoxdur.

Bənzər qanun layihələri keçmişdə Yeni Zelandiya və Böyük Britaniyada da gündəmə gəlmiş, lakin qüvvəyə minməmişdi. Yeni Zelandiya 2022-ci ildə oxşar qanun qəbul etsə də, sonrakı hökumət 2024-cü ildə bu qərarı ləğv etmişdi. Böyük Britaniyada isə 2009-cu ildən sonra doğulanlara yönəlik siqaret qadağası layihəsi hələ də parlamentdə müzakirə olunur.

Siqareti tərgidən adalara mükafat planı

Maldiv hökuməti tütün istifadəsini azaltmaq məqsədilə ölkə miqyasında siqareti tamamilə tərgidən adalara pul mükafatı verilməsini planlaşdırır.

Xatırladaq ki, elektron siqaretlər 2024-cü ilin sonunda tamamilə qadağan edilib. Yeni mərhələdə siqareti tərgitmək istəyənlər üçün dəstək verəcək klinikalar və dərman proqramları da işə salınacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu