Ukrayna Aİ ilə elektrik enerjisi idxalı gücünün artırılması barədə razılığa gəlib
Ukrayna Avropa Elektrik Enerjisi Ötürmə Sistemləri Operatorları Şəbəkəsi (ENTSO-E) ilə dekabr ayından etibarən elektrik enerjisi idxal gücünü 2,1 QVt-dan 2,3 QVt-a qədər artırmaq barədə razılıq əldə edib.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə “Ukrenerqo” şirkətinin idarə heyətinin sədri Vitaliy Zayçenko “Ukrinform” agentliyində keçirilən brifinqdə məlumat verib.
“Gələn ay üçün artıq Avropa sistem operatorları ilə idxalda əlçatan gücün 2 300 MVt (2,3 QVt) səviyyəsinə qədər artırılması barədə razılığa gəlinib”, – deyə Zayçenko bildirib.
O əlavə edib ki, hazırda Ukrayna 2,1 QVt-lıq mövcud idxal gücündən tam istifadə edə bilmir, çünki enerji sistemində müəyyən texniki məhdudiyyətlər mövcuddur. Buna görə də, idxal edilən enerji əsasən sənaye müəssisələrinin fəaliyyətini təmin etmək və məcburi enerji kəsintilərinin qarşısını almaq məqsədilə istifadə olunur.
Zayçenkonun sözlərinə görə, oktyabr ayında Ukraynanın elektrik enerjisi idxalı sentyabra nisbətən 2,5 dəfə artaraq 360 min MVt·saata çatıb. Bu artım ölkə daxilində enerji infrastrukturu zədələndiyi üçün yaranan istehsal məhdudiyyətləri və artan tələbat fonunda baş verib.

