Cənubi Koreya universitetə qəbul imtahanı zamanı uçuşları dayandıracaq
Cənubi Koreya ölkə miqyasında cümə axşamı keçiriləcək illik Universitetə Qəbul İmtahanının (CSAT) ingilis dili dinləmə bölümü zamanı bütün təyyarə uçuş və enişlərini müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Yonhap agentliyinin xəbərinə görə, Nəqliyyat Nazirliyi səs-küyü minimuma endirmək məqsədilə uçuşların yerli vaxtla 13:05–13:40 aralığında dayandırılacağını bildirib.
Rəsmilərin məlumatına görə, bu çərçivədə təxminən 140 uçuş əvvəlcədən yenidən planlaşdırılıb, havada olan təyyarələr isə hava hərəkəti idarəetməsinin nəzarəti altında 3 kilometr və ya daha yüksək hündürlükdə uçacaq.
Qeyd edək ki, CSAT universitetlərə qəbul olmaq istəyən yüz minlərlə şagird və ailələri üçün ölkənin ən vacib akademik imtahanlarından biri hesab olunur.
