Lukaşenko xeyli sayda ukraynalıya vətəndaşlıq verdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə vətəndaşlığına qəbul edilən 200-dən çox şəxslə bağlı fərman imzalayıb.
AFN.az "BelTA"-ya istinadən xəbər verir ki, yeni vətəndaşların əksəriyyəti Ukrayna əsillidir.
Ümumilikdə 224 əcnəbi və vətəndaşlığı olmayan şəxs, o cümlədən 16 yeniyetmə Belarus vətəndaşlığı əldə edib. Yeni vətəndaşlar 17 ölkədən olan şəxslərdir — Ermənistan, Misir, Qazaxıstan, Latviya, Moldova, Rusiya, Türkiyə, Özbəkistan və digərləri. Ən böyük qrup isə Ukraynadan gələnlərdir.
Vətəndaşlıq alan şəxslər ölkənin müxtəlif iqtisadi sahələrində çalışırlar. Onlar təhsil və xidmət sektorunun əməkdaşları, aqrar-sənaye kompleksinin və tikinti sahəsinin işçiləri, eləcə də digər peşə sahibləridirlər. Yeni vətəndaşlar arasında Belarusun aparıcı universitetlərindən birində dərs deyən elmlər doktoru və elmlər namizədi də var.
Eyni zamanda, qanunvericiliyi pozmuş bir sıra şəxslərin vətəndaşlıq müraciətləri rədd edilib.
