Çin Şıncou-22 heyət gəmisini kosmik stansiyaya göndərdi


Çinin Dünya orbitində qurduğu Tiangong Kosmik Stansiyasında xidmət edən taykonot heyətini Yerə gətirəcək Şıncou-22 heyət gəmisini kosmosa göndərib.

Çin İnsanlı Kosmik Uçuşlar Agentliyindən (CMSA) verilən açıqlamada bildirilib ki, gəmi ölkənin qərbindəki Jiuquan Peyk Mərkəzindən “Long March-2F Y22” raketi ilə buraxılıb.

Heyət daşıyıcı gəmi ilk dəfə boş olaraq kosmik stansiyaya göndərilib. Bundan əvvəl stansiyada növbəli xidmət edən hər taykonot heyəti gediş və dönüş səfərlərini missiya ilə eyni adı daşıyan gəmilərlə həyata keçirirdi.

Şıncou-20 gəmisi ilə kosmik stansiyaya daşınan taykonotların 5 noyabrda planlaşdırılan dönüş səfəri gəmidə kosmik tullantıların yaratdığı zədə səbəbindən təxirə salınmış, taykonotlar vəzifələrini təhvil verdikləri heyəti gətirən Şıncou-21 gəmisi ilə 14 noyabrda Yerə qayıtmışdılar.

Stansiyada yeni vəzifəyə başlayan Şıncou-21 heyətini geri gətirmək üçün isə növbəti kosmik missiya üçün hazırlanan Şıncou-22 gəmisi stansiyaya göndərilib.

Bu, Çinin insanlı kosmik uçuş proqramında ilk təcili buraxılış olub.

Tiangong Kosmik Stansiyasında 3 nəfərlik taykonot heyəti 6 aylıq səfərlərlə növbəli vəzifə yerinə yetirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu