ABŞ-a Bayden dövründə gəlmiş qaçqınların işinə yenidən baxılacaq
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə Co Baydenin prezidentliyi dövründə gəlmiş bütün qaçqınların işini yenidən araşdırmağı planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) sənədinə istinadən məlumat yayıb.
Bildirilir ki, 21 noyabr tarixli sənəd nazirlik əməkdaşlarına bütün müvəqqəti yaşayış icazəsi müraciətlərinin dayandırılmasını və 20 yanvar 2021–20 fevral 2025-ci il tarixlərində qəbul edilmiş bütün qaçqınlarla yenidən müsahibə aparılmasını tələb edir. Məqsəd bu kateqoriyadan gəlmiş miqrantların qaçqın statusu üçün bütün kriteriyalara cavab verdiyindən əmin olmaqdır. Eyni zamanda Bayden dövründə gəlmiş qaçqınların yaşıl kart müraciətləri də dayandırılıb.
Nazirliyə regional bölmələr üçün 90 gün ərzində fəaliyyət planı təqdim etmək tapşırılıb.
"Bloomberg"in hesablamalarına görə, Bayden dövründə ABŞ təxminən 200 min qaçqını qəbul edib.

