Fransa 25 ildən sonra yenidən hərbi xidmət tətbiqinə qayıdır
Fransa Rusiya ilə mümkün bir qarşıdurma narahatlığının artması səbəbilə 25 il əvvəl ləğv edilən hərbi xidmətin məhdud bir formasını yenidən həyata keçirəcək.
Prezident Emmanuel Makron gənc qadın və kişilərin könüllü şəkildə 10 aylıq ödənişli hərbi təlim alacağı yeni planı elan edib.
Proqramın gələn yaydan etibarən mərhələli şəkildə tətbiqinə başlanacağı bildirilib. Əvvəlcə 18 və 19 yaşlılar proqram çərçivəsinə alınacaq və ayda ən azı 800 avro ödəniş ediləcək.
Makron Qrenobl yaxınlığındakı bir piyada bazasında verdiyi açıqlamada “Təhlükədən qaçmağın yeganə yolu ona hazır olmaqdır. Özümüzü müdafiə etmək, hazır olmaq və hörmət görmək üçün milləti səfərbər etməliyik” deyib. Fransa prezidenti bu xidmətin gəncliyə duyulan etimadın bir göstəricisi olduğunu söyləyib.
Tətbiqin ilk mərhələdə 2026-cı ildə 3000 gənci əhatə edəcəyi, 2035-ci ilə qədər bu sayın 50000-ə yüksəldilməsinin planlandığı açıqlanıb. Fransanın hazırda 200000 əsgər və 47000 ehtiyat personalı mövcuddur. Yeni qayda ilə peşəkar hərbçilər, ehtiyatlar və könüllülərdən ibarət üçpilləli bir struktur hədəflənir.

