AP: Ukraynanın işğal edilmiş əraziləri Rusiyanın tərkibi kimi tanınmayacaq
Avropa Parlamenti Aİ-ni Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə və Ukraynada sülhü fəal şəkildə dəstəkləməyə çağırıb. Parlamentin məlumatına görə, bu mövqe ABŞ administrasiyasının müharibənin dayandırılmasına dair son təşəbbüslərindən sonra formalaşıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, AP plenar iclasında qəbul olunan qətnamə 401 səs lehinə, 70 səslə əleyhinə və 90 bitərəf səslə təsdiqlənib. Sənəddə Aİ və üzv ölkələrə kritik geosiyasi şəraitdə liderlik nümayiş etdirmək, Vaşinqton və digər müttəfiqlərlə əməkdaşlığı davam etdirmək çağırışı yer alır. Qətnaməyə görə, ədalətli və dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, hər hansı razılaşma isə əvvəlcə effektiv atəşkəs və həm Aİ, həm də ABŞ tərəfindən Kiyevə təmin edilən etibarlı təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməlidir.
Deputatlar bildirirlər ki, Ukraynanın müvəqqəti işğal altında olan heç bir ərazisi Aİ və üzv dövlətlər tərəfindən Rusiya ərazisi kimi tanınmayacaq. Onlar Avropanın istənilən sülh prosesində iştirakının vacibliyini vurğulayır və “Ukrayna ilə bağlı heç nə Ukraynasız, Avropa ilə bağlı heç nə Avropasız həll olunmamalıdır” prinsipini təkrarlayırlar.
Sənəddə ABŞ administrasiyasının müharibənin dayandırılması istiqamətindəki səyləri qeyd edilsə də, Vaşinqtonun Kiyevə münasibətdə birmənalı olmayan siyasətinin sülhün möhkəmlənməsi məqsədinə zərər vurduğu qeyd edilir. Avropa deputatları əlavə edirlər ki, istənilən sülh razılaşması Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək imkanlarını məhdudlaşdırmamalıdır.



