İspaniyada tapılan balıqqulağılar ən qədim musiqi alətləri ola bilər
İspaniyada Neolit dövrünə aid, təxminən 6 min il əvvəlki yaşayış yerlərində tapılan balıqqulağı trompetləri dünyanın ən qədim musiqi alətləri arasında ola bilər. Akustik sınaqlarda Fransız kornunun səsinə bənzər tonlar çıxaran bu balıqqulağılar alimlərə yalnız uzaq məsafədən ünsiyyət haqqında deyil, həm də insanın ən qədim bədii ifadə formaları barədə yeni məlumatlar təqdim edir.
Barselona Universitetinin arxeoloqu, musiqişünası və professional trompetçisi Migel Lopez Qarsiya uşaqlığında atasının sel xəbərdarlığı üçün istifadə etdiyi balıqqulağından aldığı ilhamla başladığı araşdırmada insanlık tarixi üçün önəmli bir kəşfə imza atıb.
Lopez Qarsiya və həmkarı Marqarita Diaz-Andreu Kataloniyada eramızdan əvvəl 5-ci və 4-cü minilliklərə aid Neolit yaşayış yerləri və mədənlərdə tapılan 12 böyük balıqqulağı trompetini tədqiq ediblər. Qabıq üzərindəki dəliklər və uc hissəsinin məqsədli şəkildə kənarlaşdırılması onların qida üçün deyil, məhz musiqi aləti kimi istifadə olunmaq məqsədilə toplandığını göstərirdi.
Komanda səsi çıxarmaq qabiliyyətini qorumuş səkkiz qabıq üzərində akustik təcrübələr aparmaq üçün icazə alıb. 2024-cü ilin noyabrında Lopez Qarsiya bu qabıqları çalarkən güclü və stabil ton əldə edib.
Onun sözlərinə görə, sadə şəkildə dəyişdirilmiş balıqqulağından Fransız kornuna ən yaxın səsi almaq gözlənilməz nəticədir.
Tədqiqatçılar bir tək tona kifayətlənməyərək, qabıqların bütün musiqi imkanlarını araşdırıblar. Lopez Qarsiya qabığın açıq hissəsinə əlini yerləşdirməklə tonun dəyişdiyini, həmçinin üfürmə texnikasını (məsələn, “t” və ya “r” səsləri ilə) dəyişdirərək müxtəlif ton və notlar yaratmağın mümkün olduğunu müəyyən edib.
Lopez Qarsiyaya görə, bu balıqqulağılar insan tarixində bilinən ilk səs texnologiyalarından və musiqi alətlərindən biridir: “Bunlar dodaq vibrasiyası ilə işləyir və səs yaratma prinsipi müasir trompet və trombon kimi mis nəfəsli alətlərin iş prinsiplərini xatırladır; balıqqulağılar bu alətlərin ən qədim əcdadları sayıla bilər”.
Araşdırmaçılar ehtimal edirlər ki, qabıq trompetlər əvvəlcə bölgədəki müxtəlif icmalar və ya mədən işçiləri arasında uzun məsafədən xəbərləşmək üçün istifadə olunub. Lakin Lopez Qarsiya düşünür ki, bu alətlər kifayət qədər melodik imkanlara malik olub və təkcə praktik məqsədlər üçün deyil, insanların özünü ifadə etməsi və emosional bağ yaratması kimi estetik musiqi funksiyalarına da xidmət etmiş ola bilər.
Antiquity jurnalında dərc edilən araşdırma göstərir ki, bu cür səs yaradan texnologiya Avropanın ən qədim və ən davamlı texnologiyalarından biridir. Fransadakı Marsoulas mağarasında tapılan və 18 min il əvvələ aid olunan qabıq trompeti ilə demək olar ki, eyni xüsusiyyətlərə malik Kataloniyadakı bu tapıntılar musiqinin mənşəyinin yaşamaq ehtiyacındanmı, yoxsa insanın özünü ifadə tələbatındanmı qaynaqlandığına dair müzakirələrə yeni istiqamət verir.


