Tramp Venesuelanı hədələdi: Quru ərazisini də vurarıq
ABŞ Prezidenti Donald Tramp Venesueladan ABŞ-a daxil olduğunu iddia etdiyi narkotik axınını dayandırmaq üçün yalnız dənizdəki qayıqları deyil, lazım gələrsə, Venesuela ərazisini də hədəfə ala biləcəklərini bildirib.
Ağ Evdə keçirdiyi və təxminən 2 saat davam edən canlı yayım kabinə iclasından sonra jurnalistlərin gündəlik mövzularla bağlı suallarını cavablandıran Tramp ABŞ ordusunun Venesuela üzərində artırdığı təzyiqdən və Karib hövzəsində narkotik daşıdığı iddia edilən qayıqlara qarşı həyata keçirilən hücumlardan danışıb.
Venesuela və Kolumbiya kimi ölkələrdən ABŞ-a daxil olduğunu iddia etdiyi narkotiklə hər cür mübarizə aparmaqda qərarlı olduqlarını vurğulayan Tramp bunun üçün tələb olunan bütün addımları atacaqlarını və Pentaqonu bu məsələdə tam səlahiyyətlə təmin etdiyini qeyd edib.
“Həmin gəmilərin məhv edilməsini istəyirəm və lazım gələrsə, dənizdə olduğu kimi, Venesuela ərazisinə də hücum edəcəyik. Artıq dənizdən gələn çox az şey qalıb, düşünürəm ki, onların 90 faizindən çoxunu məhv etmişik” — deyə o bildirib.
ABŞ prezidenti “Qurudan da bu hücumlara başlayacağıq, bilirsiniz ki, qurudan hücum etmək daha asandır. Onların istifadə etdiyi marşrutları bilirik, onlar barədə hər şeyi bilirik, harada yaşadıqlarını da bilirik və çox yaxın vaxtda buna başlayacağıq. Narkotiki istehsal edib ölkəmizə göndərən hər kəs bu hücumların hədəfi olacaq” deyə əlavə edib.
Tramp çıxışında bir neçə dəfə Venesuela və Kolumbiyanın adını çəkərək, bu ölkələrin ABŞ-a daxil olan narkotikin böyük hissəsinə görə məsuliyyət daşıdığını vurğulayıb.
