BMT: ABŞ ilə Venesuela arasındakı gərginlikdən narahatıq


Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ ilə Venesuela arasında artan gərginlikdən narahat olduğunu açıqlayıb.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkdakı BMT Baş Qərargahında keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Düjarrik ABŞ-ın dünən Karib dənizinin cənubunda Venesueladan ayrılan və narkotik daşıdığı iddia edilən gəmiya hücum etməsi ilə bağlı suala cavabında “ABŞ Prezidentinin açıqlamasını gördük. Videoya baxdıq. Ümumilikdə ABŞ ilə Venesuela arasındakı artan gərginlikdən çox narahat olduğumuzu söyləyə bilərəm” deyib.

O əlavə edib ki, gərginliyin azaldılması və mübahisələrin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həll olunması vacibdir.

ABŞ-ın həmin ölümcül hücumunun qanuni olub-olmaması ilə bağlı suala cavabında isə sözçü bildirib ki, BMT olaraq hücumun qanuniliyinə dair mövqe tutmaq vəziyyətində deyillər, lakin transmilli narkotik ticarətinin böyük bir təhdid yaratdığını qeyd edib.

Düjarrik “Bizim üçün vacib olan odur ki, bu cür transmilli cinayət təhdidləri ilə mübarizə səylərinin qanunun aliliyi, əsas hüquqların qorunması kimi prinsiplərə uyğun həyata keçirilməsi üçün bütün tərəflər əməkdaşlığı və konstruktiv dialoqu gücləndirsinlər” deyib.

ABŞ Prezidenti Donald Tramp isə dünən Truth Social hesabında paylaşım edərək, Karib dənizinin cənubunda Venesueladan ayrılan və narkotik yüklü olduğunu iddia etdiyi bir gəmiya hücum təşkil etdiklərini və hücum nəticəsində 11 nəfərin öldürüldüyünü açıqlayıb.

Daha sonra Ağ Evdə keçirilən mətbuat konfransında hücumla bağlı suala cavabında Tramp “Ölkəmizə uzun müddətdir çoxlu miqdarda narkotik daxil olurdu və onların əksəriyyəti Venesueladan gəlirdi. Biz də gəmini məhv etdik” deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu