Itkin düşən Malayziya təyyarəsi üçün axtarışlar yenidən başlayır
Malayziya Nəqliyyat Nazirliyi 2014-cü ildə itkin düşən Malaysia Airlines şirkətinə məxsus MH370 reysi ilə bağlı axtarış işlərinin bu ay yenidən başlanacağını açıqlayıb.
Nazirlik bildirib ki, 30 dekabrda başlayacaq axtarış mərhələsində ABŞ mərkəzli robot texnologiyaları şirkəti Ocean Infinity dəniz dibində 50 gün davam edəcək genişmiqyaslı axtarış prosesini həyata keçirəcək.
MH370 reysli təyyarə 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə uçarkən radardan itib və bortda 12 malayziyalı ekipaj üzvü ilə yanaşı 227 sərnişin olub.
Təyyarənin itməsi aviasiya tarixinin ən genişmiqyaslı axtarış əməliyyatını başladıb, lakin bütün səylərə baxmayaraq, onun taleyini müəyyənləşdirmək mümkün olmayıb.
MH370 müasir aviasiyanın ən böyük sirlərindən biri olaraq qalır.
Qeyd edək ki, Malayziya hökuməti 2024-cü ildə yeni və güclü dəlillər təqdim olunduğu təqdirdə araşdırmanı yenidən açmağa hazır olduğunu bildirmişdi.
