ABŞ 19 ölkə vətəndaşlarının miqrasiya müraciətlərini dayandırdı
ABŞ hakimiyyəti bu il tətbiq edilən səyahət qadağaları və məhdudiyyətlər çərçivəsində 19 ölkə vətəndaşlarının miqrasiya müraciətlərini müvəqqəti dayandırıb.
ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) öz internet saytında bu barədə məlumat dərc edib.
Verilən göstərişə əsasən, qurum əməkdaşlarına ətraflı yoxlama aparılana qədər vətəndaşının hansı ölkədən olmasından asılı olmayaraq bütün I-589 formalarını (Qaçqınlıq və Deportasiya edilməmə ərizəsi) və digər yardım tələblərini dayandırmaq tapşırılıb.
Xatırladaq ki, Donald Trampın 5 iyun tarixində imzaladığı prezident fərmanı çərçivəsində Əfqanıstan, Myanma, Çad, Kongo Respublikası, Ekvator Qinesi, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səfəri qadağan edilmişdi.
Bundan əlavə, Tramp Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq etmişdi.
Məlumat qeyd edir ki, bu ölkələr yüksək riskli 19 ölkə siyahısına daxildir.

