İngiltərədə “irqçi ikipilləli” vətəndaşlıqdan çıxarma tətbiqi
İngiltərənin britaniyalılardan geniş miqyasda vətəndaşlıq geri alma təcrübəsi, Runnymede Trust və Reprieve tərəfindən hazırlanmış diqqətçəkən hesabatda “irqçi ikipilləli sistem” kimi xarakterizə olunur.
Hesabata görə, Birləşmiş Krallıq bu ölçüdə vətəndaşlıq ləğvi həyata keçirən yeganə G20 ölkəsidir. 2010-cu ildən bəri ictimai mənafe əsas gətirilərək 200-dən çox şəxsin vətəndaşlığı əlindən alınıb. Bu rəqəmi dünyada yalnız Bəhreyn və Nikaraqua keçib. Müqayisə üçün Fransa 2002–2020-ci illər arasında bu səlahiyyətdən cəmi 16 dəfə istifadə edib.
Hesabatda qeyd olunur ki, ikiqat vətəndaşlığı olan britaniyalılar və ya sonradan vətəndaşlıq əldə etmiş şəxslər çox məhdud sübutlara çıxış imkanları ilə və hökumətin məlumat vermək öhdəliyi olmadan vətəndaşlıqdan məhrum edilə bilir.
Ən tanınmış nümunələrdən biri BMT ekspertlərinə görə uşaq yaşlarında İŞİD tərəfindən qaçırıldığı düşünülən Şamima Bequmdur. Onun kimi bir çox insan Suriya ərazisində heç bir rəsmi ittiham və ya məhkəmə prosesi olmadan illərlə saxlanma düşərgələrində qalıb.
Hesabat göstərir ki, qeyri-müəyyən qanunvericilik səbəbindən İngiltərə əhalisinin təxminən 13 faizinə, yəni təqribən 9 milyon nəfərə vətəndaşlığın geri alınması riski yarana bilər. Bundan əlavə, qaradərili, Cənubi Asiyalı, Yaxın Şərqli və Şimal Afrikalı britaniyalıların ağdərili vətəndaşlarla müqayisədə 12 dəfə çox hədəfə alındığı vurğulanır. Daxili İşlər Nazirliyi isə bu iddiaları “qorxu yaratmaq və yanlış məlumat” kimi qiymətləndirərək rədd edib.
Parlamentdə keçirilən toplantıda müxtəlif partiyalardan siyasətçilər sistemi sərt şəkildə tənqid ediblər.
Reprieve-in analizinə əsasən, son 10 ildə vətəndaşlıqdan çıxarılma halları əvvəlki 30 illə müqayisədə 4000 faiz artıb. 2014-cü ildə edilən dəyişikliklə heç bir başqa vətəndaşlığı olmayan şəxslərin belə başqa vətəndaşlıq əldə edə biləcəyi ehtimalı ilə vətəndaşlıqdan məhrum edilməsinin yolu açılıb. 2022-ci il Milliyyət və Sərhədlər Qanunu isə hökumətə insanlara xəbər vermədən vətəndaşlığı ləğv etmək hüququ tanıyıb.
Dünyada bir çox ölkə bu təcrübəni tamamilə aradan qaldırıb. Avropada 16 ölkə ümumiyyətlə vətəndaşlıq geri almır. Qlobal miqyasda isə bu sayın 56 olduğu bildirilir.
The Independent qəzetinə danışan bəzi britaniyalılar pasportunun müddətini uzatmaq və ya İngiltərəyə qayıtmağa çalışdıqları zaman özlərinə xarici kimi davranıldığını gördükdə vətəndaşlıqdan çıxarıldıqlarını öyrəndiklərini deyiblər. Bir hadisədə vətəndaşlıqdan məhrum edilmiş bir qadının doğulan uşağının da statusunun olmadığı qeyd edilib.
Parlamentdə dinlənilən ifadələrdə ailələr qorxuducu bir sistem qarşısında heç bir hüquqlarının olmadığını, gizli məhkəmələrdə nələrin müzakirə edildiyini belə öyrənə bilmədiklərini ifadə ediblər.


