Manş boğazında miqrant rekordu: bir gündə 800-dən çox keçid
İngiltərə ilə Fransa arasındakı Manş boğazını kiçik qayıqlarla keçənlərin sayı şənbə günü 800-ü ötərək dekabr ayı üzrə gündəlik rekord həddə çatıb.
Rəsmi məlumatlara görə, dünən Şimali Fransadan 13 şişmə qayıqla yola çıxan 803 nəfər təhlükəli səfəri başa vuraraq İngiltərəyə çatıb.
Son keçidlərlə birlikdə 2025-ci ildə ümumi sığınacaq axtaranların sayı 41 min 455-ə yüksəlib. Bu göstərici məlumatların toplanmasına 2018-ci ildən başlanandan bəri qeydə alınan ikinci ən yüksək rəqəm olub və yalnız 45 min 774 nəfərin keçdiyi 2022-ci ilin gerisində qalıb.
Şənbə günü müşahidə olunan sıxlıq 8 oktyabrda 1075 nəfərin keçdiyi gündən sonra bir gündə qeydə alınan ən yüksək göstərici kimi tarixə düşüb.
Bu ay indiyədək təxminən 2 min 163 nəfər İngiltərə sahillərinə çatıb. Bildirilir ki, bu rəqəm ötən ilin dekabrında qeydə alınmış 3 min 254 nəfərlik rekorda yaxınlaşır.
Bu intensivlik 15 noyabr – 12 dekabr tarixləri arasında Daxili İşlər Nazirliyi tərəfindən heç bir keçidin qeydə alınmadığı dörd həftəlik durğunluq dövründən sonra baş verib.
Əlverişsiz hava şəraiti səbəbindən dekabr adətən keçid cəhdlərinin ən az olduğu aylardan biri hesab olunur.
Sözügedən dörd həftəlik fasilə 2018-ci ildən bəri gəlişlərin qeydə alınmadığı ən uzun fasiləsiz dövr kimi qeyd edilib.
Ümumi tendensiya göstərir ki, bu ilin ilk 10 ayında gəlişlər artsa da, 2022-ci ildəki rekord səviyyələrdən aşağı qalıb.


