Fransız tennisçi özü özünü zədələyərək oyunu yarımçıq qoyub
Fransalı tennisçi Covanni Mpetşi-Perrikar Monpelyedə keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirində topun gözünə dəyməsi nəticəsində yarışdan çəkilib.
AFN.az xəbər verir ki, hadisə turnirin birinci dövrəsində, onun həmvətəni Artyur Jeaya qarşı keçirdiyi matç zamanı baş verib.
Gənc idmançı rəqibin ötürməsini geri qaytarmağa çalışarkən təsadüfən topu birbaşa öz gözünə vurub. Aldığı zərbənin şiddətindən ciddi ağrılar keçirən Mpetşi-Perrikar oyunu davam etdirə bilməyib və matçı dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, 22 yaşlı Covanni Mpetşi-Perrikar hazırda ATP reytinqində 57-ci pillədə qərarlaşıb və karyerası ərzində iki titul qazanıb. O, ötən il keçirilən Uimbldon turnirində topu saatda 246 km sürətlə ötürərək turnir rekorduna imza atması ilə tanınır.




