İngiltərə Nigeriyaya 420 milyon funt-sterlinq təzminat ödəyəcək


Nigeriyanın Enuqu ştatında məhkəmə 1949-cu ildə Britaniya müstəmləkə rəhbərliyi tərəfindən öldürülən 21 kömür mədənçisinin ailələrinə ümumilikdə 420 milyon funt-sterlinq təzminat ödənilməsi barədə qərar çıxarıb.

Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına görə, Enuqu Ştatı Ali Məhkəməsinin hakimi Antoni Onovo tərəfindən qəbul edilən qərarda Britaniya hökumətinin hər bir zərərçəkən üçün 20 milyon funt-sterlinq olmaqla, ümumi məbləği 420 milyon funt-sterlinqə çatan təzminatı ödəməsi öhdəliyi qoyulub. Məhkəmə həmçinin ailələrdən yazılı və qeyd-şərtsiz şəkildə üzr istənilməsinə hökm edib.

Hadisəni yaşamaq hüququnun "qanunsuz və məhkəməsiz icra (edam) xarakterli pozulması" kimi qiymətləndirən hakim Britaniya müstəmləkə rəhbərliyinin birbaşa məsuliyyət daşıdığını vurğulayıb. Hakim Onovo "Bu müdafiəsiz mədənçilər daha yaxşı iş şəraiti tələb edirdilər. Heç bir zorakılıq etməmələrinə baxmayaraq, güllələnərək öldürülüblər", - deyərək Britaniya hökumətinin tarixi ədalətsizliyə görə təzminat ödəməyə borclu olduğunu bildirib.

Məhkəmə qərarının icra şərtləri

Ödəniş müddəti: Təzminat qərar tarixindən etibarən 90 gün ərzində ödənilməlidir. Ödəniş gecikərsə, tamamlana qədər illik 10% dərəcəsi ilə faiz tətbiq olunacaq.

Üzr mətni: Üzr mətni həm Nigeriyada, həm də İngiltərədə 3 milli qəzetdə dərc edilməli və bu barədə 60 gün ərzində məhkəməyə sənəd təqdim olunmalıdır.

Hadisənin tarixçəsi

Nigeriyanın Şərq Bölgəsində, o dövrdə İngiltərənin idarəçiliyi altında olan Enuqudakı "Iva Valley" kömür mədənində 18 noyabr 1949-cu ildə mədənçilər ağır iş şəraiti, əməkhaqqındakı irqi bərabərsizlik və ödənilməyən maaşlar səbəbindən etiraz aksiyasına başlamışdılar.

Tələbləri yerinə yetirilməyən mədənçilər "işi yavaşlatma" aksiyasına keçərək sahəni tərk etməmiş və rəhbərliyin mədəni bağlamaq cəhdinin qarşısını almağa çalışmışdılar. Bu zaman britaniyalı bir rəsminin atəş açması nəticəsində 21 mədənçi həlak olmuş, 51-i isə yaralanmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu