Trampdan Hindistana xəbərdarlıq: Rusiya nefti idxal edilsə...
ABŞ Hindistanın Rusiya Federasiyasından neft idxalını davam etdirəcəyi təqdirdə bu ölkəyə məxsus mallara tətbiq edilən 25 faizlik əlavə rüsumları bərpa etməyə hazır olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı və ictimaiyyətə açıqlanan rəsmi fərmanda bildirilir.
Sənədə əsasən, ABŞ-ın ticarət naziri Hindistanın Rusiya neftini birbaşa və ya dolayısı ilə idxal etdiyinə dair qərar verərsə, müvafiq qurumlarla məsləhətləşmələr aparılacaq. Bu prosesin nəticəsində Hindistana qarşı görüləcək əlavə tədbirlərin miqyası, o cümledən 25 faizlik idxal rüsumunun yenidən qüvvəyə minməsi barədə tövsiyələr prezidentə təqdim olunacaq.
Xatırladaq ki, bu qərar Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasətinin bir hissəsidir və Rusiya neftinin dünya bazarındakı satış imkanlarını məhdudlaşdırmağa xidmət edir.


