Kiyev sakinlərinə sutka ərzində cəmi 2 saat işıq verilir
Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi kütləvi zərbələr nəticəsində Kiyevdə elektrik enerjisinin verilişi sutkada cəmi 1,5-2 saatla məhdudlaşdırılıb.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Nazirlik ölkənin enerji sistemindəki vəziyyətin son dərəcə mürəkkəb olduğunu və bölgələrin əksəriyyətində qəza kəsintilərinin tətbiq edildiyini bildirib. Burştın və Dobrotvor istilik elektrik stansiyalarında baş verən partlayışlar sistemdə bərpası çətin olan ciddi güc çatışmazlığı yaradıb. Energetika naziri Denis Şmıqalın sözlərinə görə, yaxın günlər ölkə üçün kifayət qədər ağır keçəcək.
Rusiya Müdafiə Nazirliyi fevralın 7-də "Kinjal" raketləri də daxil olmaqla, Ukraynanın hərbi-sənaye kompleksinə və enerji infrastrukturuna kütləvi zərbələr endirildiyini təsdiqləyib. Zərbələr nəticəsində Lvov, Rivne və Vinnitsa vilayətlərindəki kritik infrastruktur obyektləri ciddi zərər görüb.

