Ukrayna nüvə enerjisi blokunun gücünü azaltmağa məcbur olub
Ukraynanın qərbindəki Burştın və Dobrotvor İstilik Elektrik Stansiyalarının (İES) ciddi zədələnməsi nəticəsində ölkənin bütün Atom Elektrik Stansiyalarında (AES) enerji bloklarının gücü azaldılıb.
AFN.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal özünün Telegram kanalında məlumat yayıb.
Nazirin sözlərinə görə, İES-lərdəki istehsal güclərinin sıradan çıxması səbəbindən sistemdəki balansı qorumaq üçün AES heyəti blokları "yüksüzləşdirməyə" (gücü azaltmağa) məcbur olub. Enerji çatışmazlığını kompensasiya etmək üçün "Ukrenerqo" dispetçeri Polşadan təcili qəza yardımı istəyib. Hazırda ölkənin bütün ərazisində 4,5–5 növbəli qəza kəsilmələri tətbiq olunur, şərq və şimal vilayətlərində isə vəziyyət daha ağırdır.
Xatırladaq ki, fevralın 7-nə keçən gecə Ukraynanın qərbində (Burştın, Rivne), mərkəzində (Vinnitsa, Elizavetqrad) və digər bölgələrində silsilə partlayışlar baş verib. Rəsmi Kiyev bu hücumların birbaşa enerji infrastrukturuna, xüsusilə yüksək gərginlikli (750 kV və 330 kV) yarımstansiyalara və ötürücü xətlərə yönəldiyini bildirib.

