Cimmi Lay 20 il müddətinə azadlıqdan məhrum edildi



Honq-konqlu media maqnatı Cimmi Lay milli təhlükəsizlik əleyhinə törədilmiş cinayətlərə görə 20 il həbs cəzasına məhkum edilib. Mübahisəli qanun çərçivəsində verilən ən ağır cəzalardan biri kimi qiymətləndirilən bu qərar Pekinin sabitlik vurğusunu və ifadə azadlığı ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Honq-konq məhkəməsi demokratiya tərəfdarı, fəal və "Apple Daily" qəzetinin qurucusu Cimmi Layın milli təhlükəsizlik cinayətlərinə görə 20 il müddətinə həbs edilməsi barədə hökm çıxarıb. Dekabrda "xarici qüvvələrlə əməkdaşlıq""qiyamçı fəaliyyətə təşviq" ittihamları ilə təqsirli bilinən Lay, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

78 yaşlı Layın ailəsi cəzanın hədsiz dərəcədə ağır olduğunu bildirib, insan haqları və mətbuat azadlığı təşkilatları isə qərarı pisləyib. Pekin rəhbərliyi isə Milli Təhlükəsizlik Qanununun Honq-konqda sabitliyin qorunması üçün zəruri olduğunu müdafiə edib.

Qeyd edək ki, Britaniya pasportuna da sahib olan Lay, Pekin rəhbərliyinin ən kəskin tənqidçiləri arasında yer alır. Onun sahibi olduğu demokratiya tərəfdarı olan "Apple Daily" qəzeti etirazlar dövründə müxalif hərəkatın ən mühüm mətbu orqanlarından biri kimi önə çıxıb.

Məhkəmə işi çərçivəsində qəzetin altı keçmiş rəhbəri də bazar ertəsi günü 6 il 9 aydan 10 ilədək dəyişən müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Demokratiya tərəfdarları tərəfindən qəhrəman kimi görülən Lay, Pekin rəhbərliyi tərəfindən "xain" adlandırılır. Lay isə Honq-konqun hüququn aliliyi və ifadə azadlığı kimi dəyərlərini müdafiə etdiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu