BMT: Afrikada 300 milyondan çox insanın təmiz içməli suya çıxışı yoxdur
Afrika əhalisinin təxminən 20%-i və ya 300 milyondan çox insan təmiz və təhlükəsiz içməli suya çıxışdan məhrumdur.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş katibinin müavini və Afrikanın İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete Əddis-Əbəbədə Afrika Birliyinin İcraiyyə Şurasının 48-ci sessiyasının açılışında çıxış edərkən bildirib. Qatete su və sanitariya məsələlərinin yalnız sosial xidmət deyil, həm də iqtisadi infrastrukturun təməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, qitədə təxminən 780 milyon insan lazımi sanitariya şəraitindən məhrumdur və bu vəziyyət vəba, ishal, qarın yatalağı kimi xəstəliklərin geniş yayılmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinad edən BMT rəsmisi qeyd edib ki, Afrika regionunda hər saatda təxminən 115 nəfər qarşısı alına bilən bu cür xəstəliklərdən həyatını itirir.
Qatete əlavə edib ki, zəif su təchizatı və sanitariya əmək məhsuldarlığını azaldır, səhiyyə xərclərini artırır və investisiyaların cəlb olunmasına mane olur. Zavodların etibarlı su təchizatına, kənd təsərrüfatı müəssisələrinin suvarma sistemlərinə, şəhərlərin isə normal fəaliyyət üçün kanalizasiya şəbəkələrinə ehtiyacı olduğunu deyən rəsmi, etibarlı su sistemləri olmadan sənaye zonalarının rəqabət qabiliyyətini qoruya bilməyəcəyini və şəhər iqtisadiyyatının davamlı inkişaf etməyəcəyini vurğulayıb.
Afrika Birliyinin 2026-cı il üçün əsas mövzusu da məhz "Gündəlik 2063" məqsədlərinə çatmaq üçün suyun və təhlükəsiz sanitariya sistemlərinin dayanıqlı əlçatanlığının təmin edilməsi olaraq müəyyən edilib.

