Banqladeşdəki parlament seçkilərində BNP qələbə qazandı
Banqladeş Milliyyətçi Partiyası (BNP) keçmiş Baş nazir Şeyx Hasina Vecid hökumətinin 2024-cü ilin iyulunda yüzlərlə insanın ölümü ilə nəticələnən etirazlardan sonra devrilməsi ilə başlayan müvəqqəti hökumət dövrünü başa vuran ilk parlament seçkilərində əksəriyyəti qazandığını və hökuməti qurmağa hazırlaşdığını bildirdi.
Dünən keçirilən parlament seçkiləri ilə bağlı BNP-nin "X" sosial media platformasındakı hesabından paylaşım edilib. Paylaşımda partiyanın əksəriyyəti əldə etdiyi və hökumətin qurulması üçün hazırlıqlara başlanıldığı qeyd olunub.
Banqladeşin "Daily Star" qəzetinin xəbərinə görə, qeyri-rəsmi nəticələrə əsasən, BNP və tərəfdaşları seçkilərdə 208 mandat qazanıb, "Camaat-i İslami" Partiyası və tərəfdaşları isə 69 mandatla ikinci yerdə qərarlaşıb. "Dhaka Tribune" qəzeti isə BNP-nin hazırda təkbaşına qazandığı yerlərin sayının 129 olduğunu yazıb. Parlamentdə çoxluğu təmin etmək üçün 151 mandatın qazanılması tələb olunurdu.
Bu arada, parlament seçkiləri ilə yanaşı müvəqqəti hökumətin islahat paketi ilə bağlı keçirilən referendumun da qeyri-rəsmi nəticələri açıqlanıb. Konstitusiyaya təklif edilən dəyişikliklərin səsə qoyulduğu referendumda xalqın 65,5%-i "hə", 34,5%-i isə "yox" səsini verib.
"Dhaka Tribune" qəzetinin məlumatına görə, "Camaat-i İslami" Partiyasının sosial media hesabından edilən paylaşımda "Əziz vətəndaşlarımız, gün ərzində çox müsbət və dinc mühitdə fəal iştirak edərək səs verdiyiniz üçün sizə dərindən təşəkkür edirik. Lakin seçki nəticələrinin açıqlanma prosesindən məmnun deyilik" deyilib.
Paylaşımda 11 partiyadan ibarət ittifaqın namizədlərinin bir neçə seçki dairəsində şübhəli şəkildə az fərqlə məğlub olduğu iddia edilib. Qeyri-rəsmi nəticələrin açıqlanmasında təkrarlanan uyğunsuzluqlar və ziddiyyətlər olduğu qeyd edilən bəyanatda tərəfdarlara səbirli olmaq və 11 partiyalı ittifaqın rəsmi proqramını gözləmək çağırışı edilib.



