ABŞ-da qadın təyyarəyə minmək üçün itini hava limanında tərk etdi
Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında "Jet Blue" ləqəbli 2 yaşlı Qoldendudl cinsindən olan itini bilet kassasında qoyub gedən qadın saxlanılıb.
AFN.az-ın məlumatına görə, hadisə itin uçuş üçün zəruri sənədlərinin olmaması səbəbindən təyyarəyə qəbul edilməməsi nəticəsində yaşanıb. Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə qadının iti ilə bilet piştaxtasına gəldiyi, lakin heyvanın xidmət iti kimi səyahət etməsi üçün tələb olunan sənədləri təqdim edə bilmədiyi görünür. Uçuş kartını ala bilməyən qadın itinin xaltasını bilet piştaxtasına bağlayaraq ərazidən uzaqlaşıb.
Polis əməkdaşları daxil olan müraciət əsasında qadını təyyarəyə miniş qapısında saxlayıblar. Saxlanılan zaman polisə müqavimət göstərən qadın itin üzərində izləmə cihazı olduğunu, buna görə də onu geridə qoymağın problem yaratmadığını və itin ona geri dönəcəyini iddia edib. Las-Veqas Metropoliten Polis Departamenti sosial media üzərindən "Bunu demək məcburiyyətində qaldığımıza inana bilmirik, amma xahiş edirik, itlərinizi hava limanında və ya başqa yerdə tərk etməyin" xəbərdarlığını yayıb.
Hava limanı personalı tərəfindən mühafizə olunan "Jet Blue" daha sonra heyvanların mühafizəsi xidmətinə təhvil verilib. Qanunla nəzərdə tutulmuş 10 günlük müddət ərzində sahibi iti geri almadığı üçün o, "Retriever Rescue of Las Vegas" xeyriyyə təşkilatının himayəsinə verilib. Təşkilat itin hazırda təhlükəsiz şəraitdə olduğunu və ona ömür boyu sadiqlik göstərəcək yeni ailə seçimi mövzusunda çox ciddi davranacaqlarını bildirib.



