İran və ABŞ fevralın 26-da Cenevrədə nüvə sazişini müzakirə edəcək
İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarının üçüncü mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, tərəflər arasında müzakirələrin növbəti raundu bu cümə axşamı reallaşacaq. Nazir tərəflər arasında müsbət dinamikanın olduğunu və sazişin yekunlaşdırılması üçün əlverişli şəraitin yarandığını təsdiqləyib.
Xatırladaq ki, tərəflər fevralın 6-da Omanda dolayı danışıqlar aparmış, fevralın 17-də isə Cenevrədə təmasları davam etdirmişdilər.
Müzakirələrin əsas mövzusunu İranın uranı zənginləşdirmə dərəcəsi və ölkədəki yüksək səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarının hazırkı vəziyyəti təşkil edir.
