BVF Ukraynaya 8,1 milyard dollar kredit ayrılması barədə sazişə baxacaq
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası fevralın 26-da Ukrayna üçün nəzərdə tutulan 8,1 milyard dollar həcmində yeni maliyyələşdirmə proqramını nəzərdən keçirəcək.
Bu barədə məlumatı "Reuters" agentliyi öz mənbələrinə istinadən yayıb. Fevralın 19-da BVF-nin rəsmi nümayəndəsi Culi Kozak brifinqdə bildirmişdi ki, fondun ekspertlər qrupu yaxın günlərdə yeni proqramı maliyyə qurumunun İcraiyyə Şurasının müzakirəsinə təqdim edəcak.
BVF Kiyevin əsas kreditorlarından biri hesab olunur. Hazırda Ukrayna üçün 2023-2027-ci illəri əhatə edən 15,6 milyard dollar məbləğində genişləndirilmiş kreditləşmə proqramı qüvvədə olsa da, Kiyev fonda yeni proqramın işə salınması üçün müraciət edib.
Yeni proqram üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir və onun 48 ay müddətinə 8,1 milyard dollar təşkil edəcəyi gözlənilir. Bununla belə, proqramın işə salınması və cari kredit xətti üzrə növbəti tranşların alınması üçün Ukrayna bir sıra şərtləri yerinə yetirməlidir. Bu şərtlərə vergilərin artırılması, həmçinin hər hesabat dövründə fondun təftiş qruplarının mütəmadi yoxlamalarından keçmək daxildir.



